Bəlkə də bütün bəşəriyyətin razılaşdığı ortaq bir problem varsa, o, mütləq stressdir. Hər bir insan həyatının bir və ya bir neçə mərhələsində stress yaşaya bilər. Bir çoxumuz gündəlik həyatımızda güclü stress keçiririk. Bəs, həqiqətənmi stress bu qədər pis bir şeydir? Stress gündəlik və iş həyatımıza dərindən təsir edən bir problemdirsə, stressdən qaçmağın bir yolu varmı? Dr. Kevin Gilliland deyir ki, stress həyatımızın bir hissəsidir. Kiçik bir stress belə iş və sosial həyatda uğurun açarı ola bilər. Stresslə mübarizə aparmaq üçün edə biləcəyiniz 6 sadə addımı tərtib etdik. Stresssiz günlər arzulayırıq…
Stress mənbəyinizi kəşf edin
Hər kəsin stress mənbəyi fərqli ola bilər. Hamımız stress keçiririk, amma eyni səbəbdən deyil. Həddindən artıq işləmək, tənha hiss etmək və maliyyə çətinlikləri kimi stress yaradan onlarla səbəb var. Əvvəlcə stresə səbəb olan məsələləri müəyyənləşdirin. Sakit anlarınızı stresli anlarınızla müqayisə edin, özünüzü tanıyın və stress mənbəyinizi tapın.
Müntəzəm olaraq məşq edin
Müntəzəm olaraq idman etmək “xoşbəxtlik hormonu” olaraq da bilinən endorfinlərin sərbəst qalmasına kömək edir, beləliklə stress səviyyəsini azaldır. İdmanı isə sadəcə idman zallarında deyil, evdə də edə bilərsiniz.
Stress və yuxu arasında əlaqə olduğu da doğrudur. Yüksək stress səviyyələri də yuxu tərzinizə mənfi təsir göstərə bilər. Yuxusuzluq sizə fiziki və psixoloji təsir göstərə bilər.
Stress mənbəyindən uzaqlaşmağa çalışın
Probleminizi həll etməyin yollarından biri stress mənbəyindən uzaqlaşmaqdır. Stresslə mübarizə həmişə asan olmur. Gözlərinizi yumub bir az diqqəti cəmləmək və ya qısa bir gəzintiyə çıxmaq stresdən xilas olmaq üçün effektiv bir yol ola bilər.
Bitki çaylarından kömək alın
Stressi azaltmaq üçün istifadə edə biləcəyiniz çaylar arasında jasmin, lavanda, adaçayı, çobanyastığı və yaşıl çay kimi asanlıqla tapa biləcəyiniz çaylar var. Bu arada unutmayaq ki, bitki çayının həddindən artıq qəbulu sağlamlığınıza mənfi təsir göstərə bilər. Bu səbəbdən çay içməyə başlamazdan əvvəl həkiminizlə məsləhətləşmək faydalı ola bilər.
Özünüzə vaxt ayırın və ya sevdiklərinizlə vaxt keçirin
Stressli vəziyyətlərlə qarşılaşdıqda problemə müxtəlif prizmadan baxmaq və həllini tapmaq çətin ola bilər. Məsələn, stressin mənbəyi iş həyatınızdırsa, maraqlarınızla bağlı kiçik araşdırmalar edərək gözəl musiqi dinləyə, dərindən nəfəs ala və ya özünüzə vaxt ayıra bilərsiniz.
Stressli hadisələr qarşısında stressi azaltmağın ən yaxşı yollarından biri özünüzə vaxt ayırmaqdır. Serial və filmlərə baxa, musiqi alətində ifa edə, digər hobbilərinizlə vaxt keçirə və ya ailənizlə, dostlarınızla görüşərək və ya varsa ev heyvanınızla oynayaraq stress mənbəyindən uzaqlaşıb həll yoluna yaxınlaşa bilərsiniz.
Yaxşı qidalanmaq vacibdir
Sağlam və balanslı qidalanma da stresslə mübarizə üsulları arasındadır. Orqanik tərəvəzlərdən və ya balıq, toyuq kimi zülalla zəngin qidalardan istifadə immunitet sistemini gücləndirərək, sağlam bədənə sahib olmağa kömək edir.
Sağlam günlər arzulayırıq!