Hamiləlik dövründə qadınların çəkiylə bağlı bilməli olduqları 7 əsas məsələ:
Hamiləlik dövründə qadınların çəkisi artır. Hormonların qadının zahiri görünüşünə necə təsir etdiyini hamiləliyin ikinci ayında başa düşməyə başlayırlar. Bu vaxtda onun orqanizmində endokrin balans dəyişikliyə uğrayır və bu adi gözlə də müşahidə olunur. Bundan başqa güclü iştaha əmələ gəlir. Elə bu vaxt da ona nəzarət etməyi öyrənmək lazımdır. Əgər siz iki nəfərin əvəzinə yeməyə başlasanız, o zaman öz mədənizi böyüdəcəksiniz və norma ilə müqayisədə çəkinizi iki dəfə daha çox qaldırmış olacaqsınız.
Bir çox qadını bu sual narahat edir: “Hamiləlik dövründə çəkini nə qədər artırmaq olar ki, uşağı dünyaya gətirdikdən sonra yığılmış çəkini sürətlə atmaq və əvvəlki formanı da bərpa etmək mümkün olsun?” Hamı üçün aydın məsələdir ki, qadın hamiləlik zamanı çəki artmalıdır. Kifayət qədər qida qəbul etməmək “iki nəfərin əvəzinə yemək” qədər düzgün deyil. Hamiləlik zamanı artıq çəki artımından ehtiyatlanaraq kifayət və tam şəkildə qidalanmadıqda ağır doğuş və az çəkili zəif uşaqların dünyaya gəlməsini gözləmək olar.
Bəzən ananın bədən kütləsinin böyüməsi uşağın doğuş zamanındakı bədən kütləsinə uyğun gəlmir. 20 kq kökəlib 3 kq-lıq uşaq doğmaq mümkündür.
1. Hamiləlik zamanı çəkinin patoloji artımı nə ilə təhlükəlidir?
Hamilə qadının çəkisinin həddindən artıq sürətli artımı tez yorulmaya və hətta az fiziki yüklənmələr zamanı təngnəfəsliyə, ürək ritminin tezləşməsinə, arterial təzyiqin yüksəlməsinə, qana daha çox stress hormonlarının atılmasına gətirib çıxarır. Bu səbəbdən bəzi hamilə qadınlar əsəbi olurlar. Bu vaxt döl ana ilə göbəkbağı ilə bağlı olur və faktiki olaraq onların ikisində bir qan dövranı sistemi olur. Ananın ürək-damar və tənəffüs sistemləri tam yüklənmə ilə işləyir, lakin qanda oksigenin miqdarı yenə də çatmaya bilər. Bu dölün oksigen çatışmamazlığına gətirib çıxarır. Hamiləliyin elə özü ana orqanizminin bütün sistemləri üçün böyük yüklənmədir, hələ üstəlik də buna artıq çəki əlavə olunur!
2. Yığılmış kiloqramlar haralara paylanır?
Hamiləliyin ilk aylarında qadın süd hasilatına və döşlə yedizdirilməyə hazırlaşmaq üçün piy toxuma qatını toplamalıdır. Bu piy ehtiyatları doğuşdan sonra qalır və adətən qadın döşlə yedizdirdikdə və gimnastika ilə məşğul olduqda tədricən yoxa çıxır. Lakin hamiləlik zamanı çəki artımı yalnız piyin hesabına baş vermir. Bu “artıq çəkinin” yarısından çoxu ciftə (plasentaya), embrion ətrafı mayeyə və uşağın özünə düşür. Aşağıda yığılmış çəkinin təxmini paylaşdırılması təxmini olaraq qeyd olunub:
– döl – 3500 q
– cift (plasenta) – 650 q
– embrion ətrafı (amniotik) maye – 800 ml
– uşaqlıq (hamiləlik zamanı ölçülərdə böyüyür) – 1000 q
– süd vəziləri (hamiləlik zamanı ölçülərdə böyüyür) – 400 q
– qan həcminin çoxalması – 1500 ml
– hüceyrədən kənar maye həcminin çoxalması – 1500 q
– piy yığınları – 2500 q
3. HAMİLƏLİK – DİYETALAR VAXTI DEYİL!
Hamiləlik zamanı arıqlamaq cəhdləri körpənin bətndaxili inkişafına mənfi təsir göstərə bilər. Ona görə də, sizin ən əvvəldən artıq çəkiniz olduqda belə hamiləlik dövrü ərzində müəyyən qədər kiloqram yığmalısınız, adətən 7-dən 9 kq-a qədər.
4. Hamiləliyin hər rübündə çəki artımı nə qədər təşkil etməlidir ?
Orta çəki artımı:
– hamiləliyin ilk rübündə 1,5-2 kq və həftəyə təxminən 0,5 kq təşkil etməlidir;
– ikinci rübdə o ümumilikdə 6-7 kq-dək artacaqdır;
– hamiləliyin 7-ci və 8-ci ayında – həftəyə 0,5 kq;
– hamiləliyin 9-cu ayında 8-ci ayla müqayisədə həftəyə 0,5 kq azalacaqdır ki, üçüncü rübdəki ümumi artım 4-5 kq təşkil etsin.
5. Hamiləlik zamanı mümkün çəki artımının tempi faiz nisbətində:
0 – 12-ci həftə 10 %
13 – 20-ci həftə 25 %
21 – 28-ci həftə 45 %
29 – 36-cı həftə 20 %
37 – 40-cı həftə 0
6. Hamilə qadın “iki nəfərin əvəzinə” yeməlidirmi?
Hamiləlik zamanı qəbul etdiyiniz kalorilərin miqdarı çoxalmalıdır, lakin bu heç də o demək deyil ki, siz “iki nəfərin əvəzinə” yeməlisiniz. Hamiləliyin ilk üç ayında sizə gündə əlavə 100 kalori lazımdır. Hamiləliyin növbəti 6 ayında enerjiyə olan tələbat gündə adi rasiona əlavə olaraq 300 kaloriyədək artır.
7. Qarın böyük yoxsa kiçik olsa yaxşıdır ?
Kifayət qədər çəkinin yığılmaması çox vaxt dölün inkişafında pozulmalara, uşağın balaca doğulmasına, erkən doğuşa, bəzən də hətta körpənin həlak olmasına gətirib çıxarır. Hamilə qadınlara “qızıl ortaya” doğru çalışmaq lazımdır. Amerikalı alimlər müəyyən etmişdirlər ki, həyata nikbin baxışlı qadınlarda az çəkili uşaqlar daha az doğulur. Mütəxəssislər bunu onunla izah edirlər ki, nikbin qadınlar öz sağlamlıqlarına daha yaxşı fikir verirlər: müntəzəm şəkildə gimnastika ilə məşğul olurlar və yaxşı qidalanırlar.
Çəkini nəzarət altında saxlamaq üçün qəbul olunan qidanın kalori miqdarına fikir vermək və fiziki aktivliyi unutmamaq lazımdır. Gələcək analar üçün ən yaxşı variantlar yerimə və üzgüçülükdür.